Hikmət Carçılı
Dar Ağacı
meydanlar dolduran vaxtın vardı sənin,
hamı tamaşana durardı sənin,
kiminin ürəyi gedərdi
bu saat əzizinin boynu həlqənin arasına keçib
sınacaq deyə,
kimi vicdanlı olmağa çalışardı
sənin qorxundan...
meydanlar dolduran vaxtın vardı,
hamı lərzəyə gələrdi adını eşidəndə,
hamı ləzzətə gedərdi meydana gedəndə
kiminsə həyatı bu gün dayanacaq deyə...
hamının ölümdən zəhləsi gedirdi...
hamının qan görmək üçün ürəyi gedirdi,
toy gecəsi gənc oğlanın keçirdiyi hisləri keçirirdi hamı...
hamı olurdu saf,
hamı olurdu allah adamı
zəhmin çox ağırdı,
adındakı hər hərfdən zəhirmar yağırdı
DAR AĞACI...
ancaq...
ancaq bu gün hamı dar ağacına şeir yazır;
anasının əmcəyini kəsən də,
haqsızlıq edən də,
bacısına tamah salan da,
ömründə bir dəfə düz söz danışmayan da...
hamı dar ağacından danışır bu gün
heç nədən danışmayanda...
yaman uzuclaşmısan dar ağacı,
yaman qiymətdən düşmüsən dar ağacı,
bu gün səndən daha urvatlı tutulur
tar ağacı,
heç olmasa
toyuq üstünə çıxıb yuxu bişirir axşam olanda,
heç olmasa yatmağa yarayır tar ağacı
sənsə heç ölməyə belə yaramırsan
min ildir pas atıb kəndirin,
andırın
çürüyüb bütün sapları,
havanı assalar onu da saxlamağa heyin yox,
yaman qiymətdən düşmüsən,
boş dura – dura,
hər şeyə göz yuma-yuma
(bəlkə səni də rüşvətə öyrətdilər nə bilim...)
özünü yaman qiymətdən salmısan dar ağacı
bir quru odun olub
kasıb bir komanı qızdırmağa belə yaramırsan,
zamanında çox qanlar tökmüsən deyə
indi insanlar səni söküb ocağa atmağa
ürək eləmir,
ocaqda çathaçat yandığın yerdə
insan ahlarının eşidilməsindən qorxurlar...
baxtın gətirməyib dar ağacı
heç kimə lazım deyilsən dar ağacı...
əsrlərlə boş dura-dura,
alçaqlara,
satqınlara,
şərəfini kağız parçasına qurban verənlərə
göz yuma-yuma
(bəlkə bir zaman sən özün də satmısan şərəfini...
nə bilim...)
özünü yaman qiymətdən salmısan dar ağacı...
yaman ucuzlaşmısan dar ağacı...
25 may 2010



19 Temmuz 2010, 11:39
Normal…ama ideya qarışıqdır…
19 Temmuz 2010, 19:53
lap yaxshi…