Zahid Sarıtorpaq
Buz baltası
Tofiq Qaraqayanın “ŞEİRİN ZƏNGLİ SAATI” şeirlər kitabının doğurduğu ovqatın bəzi çalarları
Çağdaş türk ədəbiyyatında saflığıyla daşdan süzülən su misallı sözə malik ystadlar oturuşmuş mövqeləriylə milli şeirimizin incilərini yaradırlar. Hansı cərəyanın, hansı dünyagörüşünün daşıyıcıları olmalarından asılı olmayaraq bu gün türk şeirinin yükünü çiyinlərində namusla çəkən onlarla ünlü imza yiyəsi var. Bu insanların çoxu haysız-küysüz, sakit həyat sürür və təlatümlü iç dünyalarını günəşə tutulmuş ayna misallı yazılarıyla əks etdirirlər. İstər Türkiyədə olsun, istər Azərbaycanda... ümumtürk konteksində bu gün son dərəcə maraqlı, son dərəcə gərəkli əsərlər yaradan butalı-vergili yazarlar yaşayırlar və nə yaxşı ki, yaşayırlar. Sürətlə gəlişməkdə olan həyat, elmi-texniki evolyusiya, ictimai-siyasi burulğanlar möcüzələr möcüzəsi olan Türk Sözünu urvatdan salmağa, onun sirrini-sehrini yenməyə qadir deyil və heç vaxt da olmayacaq. Çünki söykənəcəyi, bünyəsi, özülü var ədəbiyyatımızın və nə yaxşı ki var, gələnəkləri var ədəbiyyatımızın – və nə yaxşı ki var (öyüncümə başqa don geyindirib irad tutan da tapılar, amma qənaətimcə, bu, hər bir söz sevdalısının halal haqqıdır, eləcə də mənim). Amacım o deyil ki, zaman-zaman, kərən-kərən haqqında bəhs edilmiş bu məlum həqiqətlər barədə mən də fikirlərimi bildirim. Yox. Amacım cadəcə bu ovqata qatılaraq, onun çalarları işığında poeziyamızın min bir ilməli gəbəsinə bir qıraqdan öz zərif, bir qədər mübhəm, bir qədər də sakit, təmənnasız (gözə soxmadan!) naxışlarını düzən nəslimin bir sıra nəfərinin şeirlər toplusu haqda söz açmaqdır.
Səksəninci illiər ədəbi nəslinin tanınmış nümayəndəsi Tofiq Qaraqayanın artıq bir neçə il bundan öncə çapdan çıxmış “Şeirin zəngli saatı” şeirlər kitabı mənə bu fikirləri söyləməyə əsas verir.
Onun şerlərinin içində mənə məhrəm olan işıqlı hisslərin hər dəfə cilovuna ərklə əl atdığımda çox ürkək və təlaşlı bir çırpıntıyla qarşılaşıram. Əslində onun şeirləri ilk baxışdan caynaqsız görünür, elə təsir bağışlayır ki, sanki mart qarı altından təzəcə çıxmış torpaq kimi hələ dəmdədir, hələ buğlanır, nə yetirib-bitirəcəyi məlum deyil. Çox vaxt içi dalamadan sona varan bu qəribə şeirlərin soyuqluğundakı sehrin nədən adamı özünə cəlb etməsini anlamaq olmur. Onları duymaq və yaşamaq intellektin öhdəsinə, ruhun qapsamına qalır.
Ümumilikdə şeirin dərki qavramın hansı səviyyədə və ya ruhun hansı məqamda (bəlkə də hansı məkanda) olmasından asılıdır.
Məlum həqiqətdi ki, eyni şeiri eyni adam ayrı-ayrı vaxtlarda oxuduqda fərqli anlaşımlar yaşayır. Bir dəfə sönük görünən yazı başqa vaxt güclü təsir göstərir. Qənaətimcə bu, heç də şeirin sirri-sehri deyil, adamın öz ovqatıyla bağlı olan bir haldır. Yaxşı, əgər belədirsə, oxucu bunu dərk edirsə, onda vəziyyət dəyişməlidi axı. Yazının öz üzü görünməli, konkretlik ortaya çıxmalıdı. Amma Tofiq Qaraqayanın “Şeirin zəngli saatı” şeirlər kitabında toplanmış ilk baxışda son dərəcə sakit, aldadıcı sükuta malik əsərlərinin qavramı heç də oxucunun fərdi ovqatından asılılıq tələb etmir. Məsələ tam əksinədir, məncə. Buradakı ustalıqla işlənmiş şeirlər, elə ustalıqla da , öz sakit görünüşüylə də sizi hansı ovqatda olmağınızdan asılı olmayaraq yönləndirə bilər. Yəni sizin ovqatınız onların dəyərinə meyar olmaqdansa, əksinə, təmasda olurkən, onlar sizin ruhi durumunuzu qiymətləndirir. Bu kitaba toplanmış şeirlərdə diqqəti özünə çəkən də, yazılara başlıca önəm verən də budur.
T.Qaraqaya kifayət qədər məlumatlı, xüsusilə klassik Şərq ədəbiyyatını, özəlliklə də türk şeirini mükəmməl bilən, çağdaş dünya poeziyasından xəbəri olan bir şairdir. Sözsüz ki onun geniş diapazonlu bilik dairəsi yazdıqlarına yaxşı mənada təsirsiz ötüşməyib. Onun qələmi tükənməz bulaq olan Şərq fəlsəfi dəyərlərindən su içdiyi kimi, həm də Qərbin modern yönümündən qidalanır. Bu sintezdən doğan əsərlər yetərincə bitkin olduğu üçün güclü təsirə malikdir.
Yeri gəlmişkən, onun şeirlərinə çeşidli baxış bucaqlarından baxmaqla yalnız bir üzünü – işıqlı üzünü görmək olur. Məntiqə görə ucalmış bir tikiliyə müxtəlif istiqamətlərdən baxdıqda gah gün düşən tərəfi, gah da kölgəli tərəfi müşahidə etməlisən. Amma T. Qaraqaya poeziyasını tikiliyiə bənzətsək ha axtarsaq da kölgəli tərəfini tapa bilməyəcəyik. Tapsaq da aldadıcı olacaq: mütləq kölgənin altında, mayasında, bir işıq gizləndiyini görəcəyik.
Şairin qiyamı hardan başlayır? Sözsüz ki, “mən” anlayışına başvuruda olduğu andan. Amma bu “mən” deyilən anlam odun üstünü kül kimi örtdüyündə oxucunu çaşdırır. Bu sakit, hərəkətsiz, bozara-bozara üşüdən külün altında sönmək bilməyən bir qor kimi söz dünyası gizləndiyində, hər şeyə heyrətlənməyi bacarmayan çağdaş oxucu özü də bilmədən keçmiş olur ondan və yalın ayaqları yanırmış kimi hisslərini qor bişirəndə ayılır , nəyin nə olduğunu anlayır. Bu bir üslubsa da – qiyamdı, amma dışa yox, içə yönəlik qiyamdı, qənaətimcə.
Kitabdakı şeirlərə şərh verməsəm də T.Qaraqayanın bircə şeirinə diqqəti yönəltsəm elə bilirəm hazırlıqlı oxucu miqyasın nisbətlərini özü təyin edər. Məsələn, “Yenə burdayam” şeirində şair yazır: “yenə kədərlə silə / bir qədəh kimiyəm / dodaq yeri yox zalım fələyə / bu sərxoş dünyada / yenə burdayam eeeee / yenə burdayam / heç bilmirəm hardayam / bir yaralı it qəfil ulayıb / əl ayağımı yalayıb yalvarmasaydı / hələ də bilməzdim / yoxsulların qəriblərin parkında / bir küncə çəkilib dincəldiyimi / bilməzdim bilməzdim / köhnə kasıb kirli parkın / sınıq salxaq skamyalarıdı sinəm / xarab olmuş umudlarla / doludur piştaxtalarım / bədbəxtliklər alıb / bədbəxtliklər satıram / kimsəsiz bir yerdə / bir bazar açmışam ki / yenə burdayam yenə burdayam / itin boğazında qalan sümük / qəhərdi xirtdəyimdə / bir sərxoş kimiyəm / elə bil yarpağını tökmür / altında oturduğum tənha ağac da / fırlana fırlana düşür / ayağım altına bəlalı başım” (səh. 91) ... İlmələri çözməyə ehtiyac varmı? Zənnimcə, yox. Təsəvvüfi anlamda, sufiyanə yazılmış bu və bu kimi onlarla şeir və poemaların toplandığı “Şeirin zəngli saatı” kitabında birbaşa Ustalıqla Sözün işbirliyinə heyran olmamaq olmur. Bəlkə də elə bu mənada şair şeirlərinin birində “şeir yazmıram / şeir alın yazısıdı”(səh.61) deməklə artıq özünütəsdiq məqamından ötdüyünü bildirir.
...Dayanacaqda avtobus gözləyirsən. O gəlir və sən minirsən. Salona daxil olurkən tanımadığın cürbəcür insanlarla üzləşirsən. Etika xatirinə gözünü üzlərə zilləmirsən, pəncərədən kənara baxaraq yolunu gedirsən. Hər dəfə T. Qaraqayanın şeirlərinin içinə girdikdə özümü aftobus salonundakı kimi hiss etsəm də oradakı canlı detalları bir-bir gözdən keçirməsəm olmur. Mənə elə gəlir ki onları görməmək etikasızlıq olar. Daha doğrusu görüb qiymətləndirməmək.
Mən T.Qaraqayanın timsalında şeirimizin çox sağlam, çöx gərəkli, hələ ədəbiyyatımızın yolunda çox-çox aşırımlar aşacaq bir fiqurunu görürəm. Onun yaradıcılığını bir “eşqi həqiqinin” “alpinistliyindən” (səh. 119) ötrü zirvələr çapacaq buz baltasına bənzədirəm. Bu yazarın Ruhu da, Sözü də Buz Baltası kimi sağlam və safdır.


