Doqquz İklim
75 dəfə oxunub
16Tem/105

Ayxan

Tanqo Qasım

Kənd məktəbinə şəhərdən bir qrup nümayəndənin gələcəyi xəbəri camaatın dilinə düşmüşdü. Kişilər çayxanada, arvadlar bulaq başında bir-biriləri ilə bu barədə danışır, kəndə gələcək yad qonaqları qarşılamaq üçün səbirsizlənirdilər. Hamı evinin künc-bucağını təmizləyir, bağı-bağatı urvata salırdı. Yaşlı kişilər həyətin qabağında sıra ilə düzülmüş kötüklərdə oturub nümayəndə heyətinin nəyə görə gələcəyini dartışırdılar.
Yastı təpələr boyunca daşlı-kəsəkli, əyri-üyrü yollar uzanırdı. Camaat kəndin girəcəyində ayaqüstü durub gələnləri gözləyirdi. Zurna-balabançı, nağaraçalan damaqlarında siqaret aşağı əyilib sınıq-salxaq yola baxırdılar.
Günəş yastı təpələrin arxasından çıxıb kiçik kirəmitli evlərin damlarını işıldadırdı. Göy üzünə dağılmış buludların aşağısından durnalar keçirdi. Uzaqlıqda dörd tərəfi çəpərlənmiş sahələr uzanıb gedirdi.
Daşlı-kəsəkli yoldan toz qalxıb havaya pərçimlənəndə camaat gördü ki, irəlidən qara bir maşın buğlana-buğlana kəndin meydanına doğru hərəkət edir. Toz qatı xəfifcə əsən küləyə qarışıb yox olanda maşın kəndlilərin olduğu yerdə saxladı, zurna-balaban, nağara səs-səsə verdi, arabadan iki-üç qalstuklu çıxıb camaatı salamladı.
Direktor gələnlərlə bir xeyli danışandan sonra qonaqlar sinifləri gəzmək istədiklərini dedilər. Tərslikdən birinci Tanqo Qasımın dərs dediyi sinifə girdilər. Tanqo Qasım cahılın biri idi. Heç orta məktəbi də doğru-dürüst qiymətlərlə bitirməmişdi. Universititetə həm puldan qəbul olunmuşdu, həm də oranı puldan qurtarmışdı. “Tanqo” ayamasını da tələbəlik vaxtından bu günə qədər daşıyırdı. Qasım yalnız bir rəqs bilirdi, o da tanqo idi. Ancaq sadəcə bu rəqsin adını bilirdi, oynamaq onluq deyildi. Buna görə də Tanqo adının əvvəlinə artırılmışdı, özü də bu ayamadan xoşu gəlirdi.
Dərsdə ağzına gələni danışırdı. Kəndlilər direktora nə qədər yalvar-yaxar etsələr də ki, ədəbiyyat müəllimini qovub burdan genitsin, ancaq olmadı. Tanqo Qasım düz beş il bu kənd məktəbində dərs dedi, daha doğrusu boşboğazlıq etdi. Direktor da neyləsin, əgər bunun mitilini çölə atsa, Tanqo Qasımın nazir əmisi də onun mitilini çölə atacaq. Çarəsiz onun işləməyinə razı qaldı, kəndliləri də bir yolla başından genitdi.
Tanqo Qasım kobudluqla qonaqları salamladı, elə bil neçə illik dostları idi, zarafata salmışdı. Direktor arxadan ona göz-qaş edirdi, yəni, gələnlər rəsmi adamlardır. Tanqo Qasım da avamın biri, nə qanır bunlar nə üçün bura gəlib. Eləcə dişlərini ağardıb qarşısındakılara key-key baxırdı.
Qonaqlar dərsi dinləyəcəklərini deyəndə Tanqo Qasımın sifəti rəng verib, rəng aldı. Başa düşdü ki, bu gələnlər nəsə başqa adamdırlar. Hələ direktor qırmızı pomidora döndü. Nümayəndə heyəti uşaqlardan soruşdu ki, hansı mövzunu keçirsiz. Hərə bir ağızdan dilləndi ki, Əbdürrəhim bəy Haqverdiyev. Tanqo Qasım ürəyində uşaqları söysədə gərginliyi sovuşmadı. Qonaqlardan biri üzünü müəllimə çevirib: “Dərsi danışa bilərsiniz” – dedi və yoldaşları ilə birgə boş partaların arxasına keçib oturdu. Direktor da özünü onların yanına verdi.
Tanqo Qasım handan-hana özünə gəldi. Boğazını arıtladı və üzünə ciddi görkəm verdi.
– Bəli, – sözə başladı, – Əbdürrəhim bəy Haqverdiyev. Hmmm... Nə deyim vallah, yaxşı oğlan olub. – Susan kimi uşaqların cır gülüşü onu atəşə tutdu. Qonaqlar təəccüblə Tanqo Qasıma baxırdılar. Direktor isə sakit dursa da görünüşündən yerin dibinə girmək istədiyi bəlli olurdu.
Səhər bütün kənd Tanqo Qasımın şələ-şüləsini yığıb şəhər aftobusuna mindiyini gördü, hamının gözündən sevinc tökülürdü. Tanqo Qasım əmisinin yanına gedirdi. Bu hadisəyə təkcə direktor sevinmirdi, o arxasınca toz buraxan aftobusa baxıb başını yelləyirdi. Yəqin ki, sabah o da istəmədiyi halda aftobusa minib kənddən bir dəfəlik çıxıb gedəcəkdi.
13.04.10

Bu yazını beyəndiniz?

RSS bəsləmələrə abunə olun!

Kateqoriya: Nəsr Şərh göndər.
Şərhlər (5) Geri izləmələr (0)
  1. Şirin dili var.Amma elə bil bir az yaşından böyük görünür.Amma tema yaxşıdı.Uğurlar,dostum.

  2. bundan da elasını yazmaq olar, Tanqosundan istifade etseydin

  3. Ayxan qardasim nese zaman meselesi menimcun bir az qaranliqdir. Durnalarin kecmesi, tozun qalxmasi bir de Haqverdiyevin proqram esasinda tedrisi mence eyni vaxtda bas veren hadiseler deyil. Deqiqlesdirsen yaxsi olar. Ugurlar

  4. Elvin və Səraff çox sağolun fikirlərinizə görə


Şərh göndər.


Geri izləmə yoxdur.