Doqquz İklim
290 dəfə oxunub
19Tem/102

Zahid Sarıtorpaq

Bir anın payız silueti

yarpaqlar qar düşənə qalmadı yenə
«sən nə düşünürsən?..» deyə
qosqoca dünyaya toxunur payız

bilgimiz nə qədərsə bir o qədər çaşqınıq
olümün şəcərəsini budaq-budaq oxumağa
üryanlara çırpılır könül birəm qar gəldiyində
amma həmişə elə bilirik yaza yarpaqlara
tumurcuqları çiçəyə boylu budaqlara köklüdür o
əslində bildiyimiz heç nədi görünür

hərədə bir cürdü ürəyin ölçü vahidi:
birində sevgi birində ayrılıq
birində sevinc birində üzüntüylə ölçülür yaşam

hərdən elə fikirləşirsən
yaşı min illərlə ölçülən bir küp qəbrin
miniatür əksidir daşıdığın ürək -
nə qədər mataha minib
matahdan düşsə də Can Türbəsində
içində ölənlərin
öldürülənlərin məsüm kəmikləri sızlasa da
artıq öz işini görmüş və susmuş zamansızlıqda

qiyamda duaların səcdədəkindən daha uzun sürməsi
aşiqə Rəbbin lütfüdü sözsüz
birəm qar gəldiyində ruhun qiyamı
yarpaq tökümündən sonrakı ağaclara
ayaqda durmağın önəmini bildirir

bizdən ayrılan hər anın payız siluetinin
üzü necə var köçürülürsə dəftərimizə
səhifəmizin birini ötürüb o birini varaqlamaz
O alayarımçıq oxumaz bizi bizdən fərqli

«sən nə düşünürsən?..» deyə
toxunur bizə qosqoca dünya
yarpaqlar qar düşənə qalmadı yenə

TIXAC

burda topqarabirçək kəndli balaları
gözlərini açana qədər dənizin adaxlısı şəhər
bic-bic öyrədər onlara yosunlarında
balıqlara yem olmağın sirrini

amma doğma kəndlərində həmişə
qarışqa menyusunda olmalarını bilsələr də
fərqinə varmazlar
çünki deyərlər
o var
olmuş
və həmişə olacaq
hələ ilanları da misal çəkərlər
gözlərin dadını hamıdan yaxşı bilən ilanları
bu zaman dişləri tökülmüş bir məntiqin heç də
üz qırışlarındakı üfunət qoxusundan
bulanmaz ürəkləri
bayılmazlar

barların bic uşaqlara oxşayan işıqları
dumanlı xanımların
çılın-çılpaq sinələrində göz vururkən sırtıqcasına
qaranlıqlara soxar halal südün əhdini
tər sevdanın nişanələrini

kəndin ismarıclarına cavab kimi
gecəyə ilişmiş yosun qoxulu bir qağayı lələyini
pay aparmaq da gəlməz əllərindən bənövşələrə

çünki torpaqla qağayı lələyinin
alış-verişi tutmaz bərzəxdə bilərlər
balıqların ruzusuna
göz dikməz qarışqalar bilərlər oralarda

mesajlarında yazarlar:
dənizin adaxlısı şəhərin dərsinə kim geciksə
qəm damağına qum boğazına dirənər
yosunlarında hökmən

batmaqda olan gəmilərin dor ağaclarına qonan
qağayıların çığırtısını
sahilə çatdıranacan yolda ölmüş küləklərə görə
başsağlığı verən olmaz dənizin adaxlısı şəhərə
başqa küləklər dolar topqarabirçəklərin
qara kəkilli yığvallarına təzə eşqlə

hər gün gündəmdə bağırçatdadan şəhər olar
söhbət yosunlardan balıqlardan gedər dəniz ləhcəsində
qarışqa menyusunda əbədi olmalarına sevinərlər gizlicə
əllərində qağayı lələyi olsa da
unudulmuş kimi görünərlər
tıxaclarında qədərin onlar

ÖLÜMÜMDƏ BAŞQA BİR YAŞAM

qürubun mis rəngli ayazına
buludsuz göydən enən bir zərrə qar dənəsinə
nəfəsimin buxarı arxasında oynayan
tanımadığım yapışıqlı üzlərə
budur boş bir zərf yerinə açılır içim

göndərməyə bir ünvan olmasa da
öyrəncəliyəm artıq özümlə daşıya-daşıya
qədər yükünə çevirməyə hər yazını

bəzən gərəksizliyinə inandığım bir nəsnəyə
çıxar başmaqlarını keç bu qapıdan deyirəm
düşmən olmasaq da
yalın ayaqlarına baxmaq istəyir lütfən
çimirsizliyimdə başqa bir mən
bəlkə özünə doğru gəlirkən
qırılmış camlar üstə yeriməyin
sirri yazılıb onlara

çıxar papağını ehtiramla keç deyirəm
dost olmasaq da alnından öpmək istəyir lütfən
sükutumda özgə bir varlıq
bəlkə adam kimi yaşamağın sirrinə
işıqlı bir qapı açılır oradan

bəzən də ömrün nəqarətində
bir yorğunluq budağı titrəyər
budaqda ağzı zığlı bir quşcığaz görünər
dən ataram baxmaz uçar
göynəmərəm
heeeyy gidi dünya deyə hayqırmaram
kor gözündə sünbül qılçığıyam çünki yaşamın
boş bir zərf yerinə açılanda içim ona
baxmaz üzümə - yaxşı ki baxmaz
baxa bilməz

amma o da mənə
çıxar ürəyindəkiləri keç bu qapıdan deyər lütfən
doğma olmasaq da
əlindən tutmaq istəyir bəlkə
ölümümdə yad bir yaşam deyər
çünki mən bacarmadım deyər
bəlkə də bir zaman güzgülənməyə möhtacların
baxtı güldü çiskinlərində sənin
ey dumanlı qəlbin sahibi deyər

OXUR ÇİSKİNLƏRDƏ KOR ALABAXTA

oxur çiskinlərdə kor alabaxta
görünür
yuxarılardan keçən köçmən quşların
qanad səslərini duymuş zavallı

bir gün hökmən
kor dumana girmiş uçaq kimi
qədərin qaya-qapçağına çırpılır
yetir sonu qara sevdaların
aşiqlər bu uçaqların qara qutuları kimi düşür
həyatın künc-bucağına
amma çox qəribədi
görən
axtaran olurmu onları bir daha

itkin qara qutular üstündə
yalqızlığın yanıq qoxulu boşluqları
içini çəkir əbədiyyət kimi

oxur çiskinlərdə kor alabaxta

amma derlər o qara qutulardan birini
təsadüfən tapmışlar bu yaxınlarda
içində yazı lenti bomboşmuş
heç nə yoxmuş bircə kəlmə « ah! »dan başqa
onun da yarısı yanıqmış derlər
oxur

oxur çiskinlərdə kor alabaxta

ömür bir göydələndisə
üst qatında yoxdusa mənzilin
dənizi görmək istəyin
ürəyində qalırsa hər dəfə
çatmırsa heç yana əlin
unut bu hərçi-betərinə lənətlər olmuş yaşamı
oxur

dodağında
unudulmaz bir yağmurun duzu,
içində
suları gördükdə oxuduğun şükran dualarının
şəkəri dadında bir nisgil
daha nəyi gözləyirsən deyir
aç, aç əllərini dilə ucalardan
dəniz özü gələcək ayaqlarına
oxur

oxur çiskinlərdə kor alabaxta

səsində
yalqızlığın yanıq qoxulu boşluqları
içini çəkir əbədiyyət kimi

ZÜHUR

ilk misranın doğuluşu öncəsi ruhun təvafı

onlar qayıdacaqlar deyirsən küləklərdə ya tufanlarda
«biz keçdik və cəhənnəmi sönmüş gördük...»
tüstülərində kabuslar səngimiş bir yaz çılğınlığıyla
çiçəkləmişdi yeri əzabların

onlar qayıdacaqlar deyirsən çiçəklərdə ya xəzanlarda
«biz keçdik və cəhənnəmi sönmüş gördük...»
susmuş fələyin sınmış hərləncəyindən düşüb gedən
bağışlanmışların təntənəsinə
zikrin tül örtükləri əsirdi yamyaşıl
dinclik dinclik dinclik
ibadətlərin antologiyasına oxşayırdı
varaq-varaq çevrilən göy qatları
daha nə rənglər yeddi çalar
nə sonsuzluq yeddi təbəqəydi
sonuncu kitab kimi öpülə-öpülə örtülürdü olmuşlar

onlar qayıdacaqlar «biz keçdik…»
arxamızca sönmüş girdabların külü də tərpənmədi heç
onlar yarıtüstü yarıbuxar sayağı
boz kölgələrdə oynaşan hallardan sıyrılaraq
quş səslərini axtarırdılar - şırnaqlarında çimib
qüsl almaqdan ötrü
çünki boş keçmişlərin olmayan dünənlərin
yalançı sabahların divardakı mıxçada yellənən
boş çərçivədən başqa bir şeyə oxşamayan
adına zaman deyilən çirkin surətin
gözlərini qapamışdılar əlləriylə
qoynunda göz yumduqları
anlaşılmazlıqlarla dolu
sonuncu dünya təmaslarından
nəfsləri cənabətdəydi bəlkə də
udulmuş havanın içilmiş suyun halallığı verilməmişdi hələ
alınmamışdı həzzin halallığı
«keçdik və cəhənnəmi sönmüş gördük…» ifadəsi o qədər pak
o qədər pakizə idi ki
əslində köhnə qramafon valının pozuq yerində ilişmiş
iynə sayağı dərinə işləyə bilməyən günahlar
bağışlanaraq indi fanilərdə qalması ilə sancıldıqları yerdəcə
yaşıl qələmələrə çevrilirdilər
canın möminliyindən saçılan işıqların içilməsini bildirən
hər nə vardısa daha yuxu deyildi
əbədi yuxusuzluq deyilən dinclik idi

onlar qayıdacaqlar deyirsən gerçəklərdə ya gümanlarda
«biz keçdik və cəhənnəmi sönmüş gördük...»
gerçəklər gümanlar
yeddiqardaş ilan kimi biri-birinə sarmaşaraq
əslində canın özəyindən səslənirdi axirətə sarı
artıq yarıya qədər fəzaların tutqun tozundan
yarıya qədər nurdan yoğrulmuş
ətrafdakı yaşıl suları dalğalandıraraq qalxan
titrəyişində getdikcə çamurlu yosunlu bir
aləmdən sıyrılmaqla
baqilərə saçılırmış kimi üzü nəhayətsiz
sahilə doğru atılan ilk addım gözəl düz və məsum idi
bu ZÜHURdu və «cəhənnəm sönmüşdü… »
ilk izlərin düşməsi və ilk səslərin tərpənişiylə
ilk sözlərin havası oynayırdı boşluqlarda
bu məqama qədər ruhi çırpıntıların
bizə məlum olmayan hər anının bəlkə də yüzdə birinin
mində birinin ən miskin ən soluq
görünüşü beləydi

amma «biz keçdik və cəhənnəmi sönmüş gördük…»
onlar qayıdacaqlar deyirsən diləklərdə ya amanlarda
ruhun ucalardakı təvafı sona yetincə
şeirə bənzər nəsə gəlməliydi - gəldi də
amma hələ əsib gələn olsa-olsa
şeirin ilk misrasına oxşar bir budaq söz saçağıydı
bu bir mehdi sanki
şair ona verilmiş bu ilk misraya oxşayan sehrin önündə
bu an yıxılıb ağlayıb toxtamış bir çocuq durumundaydı:
bir çocuq yıxılıb ağlayıb doyduqdan sonra
ona göndərilmiş sərin bir mehlə
diz qapaqlarındakı sıyrıqların qaysağı öpülürkən
ilahi bir dincliyə qovuşaraq
təskinlik tapıb içini çəkdiyi anda
özünü necə hiss eləyirsə
şair də o sayaq yaşantılar sürürdü indi

«biz keçdik…»
ilahi sürətlə keçdik bir-birimizin yanından
keçdik və «cəhənnəmi sönmüş gördük…»

KƏTANDA SOLAN YAZI

kətan önündə əli fırçalı durmuşkən
yenə düşündüyümüzü deyil başqa şeylər çəkirik

niyəsini soruşmadığımız bir çox nəsnələr
bu üzücü günün yazısına dönüşməzdən öncə
bizim yazımıza qarışır həmişəki kimi
qarışdırır yazımızı

tabloda dəniz haqda düşüncələr olmalıydı
amma sükutun fırtınası düşmüş aynasına günün

dənizə baxanda
adamın heç inanmağı da gəlmir
bu azmanlıqda dəniz olasan
bu dərinlkdə də sükutun ola
özün də sükutun fırtınasında boğulasan məzlumcasına

söz yox
çiy kərpicdən tikilməyib səbrimizin evi
sel gəldiyində uçub dağılmaz göz görəsi
amma sel yox dəniz olmalıydı
dəniz haqda düşüncələr olmalıydı tabloda

kətanda solan yazıdan isti bir görüntüyə baxaq:
yanbızlarını oynada-oynada
yan keçir bir ömrün yazı
qanrılıb arxasıyca baxır
özünü təzəcə tanımış ondörd yaşlı bir oğlansayağı
əllisində bir kişi

amma dəniz yoxdu tabloda
dənizdən qalmış sonsuz qumluq görünür
bir də qumluqda dəvə ləpirində
günəşin gözünü qamaşdıran
gümüşü bir balıq ölüsü görünür

ÖLÜ AŞİQ

kürəyində süngü yarası olmasa da
ağzıquylu düşmüş sıradan bir payız
qımıldanmadan keçinir ayaqlar altdakı
qan-qırmızıya boyadığı yarpaqlar içində

düşünmək olar:
bir azdan postmodern həyatın
çəkmələrinə yapışmış ölü payız
sürüklənəcək yağmurlu səkilərdə

sərxoş günlərin qəhqəhəsi
xəzrilərin tikanlı üzünə üz qoymuş
bir şəhərin yuxusunda
matəm melodiyasına dönüncə
kim olduğunun fərqinə varacaq guya
günahlar yiyəsi

amma heyhat
qanuni oğru durumunda olan
bir yaşamın diqtəsi
başqa şeylərdən xəbər verir
«daş dəydi cam qırıldı» türküsündə olduğu kimi
sonda bahar gəlmir
sonda aşiq ölür
öldürülür əslində
daha doğrusu öldürtdürülür

NƏ OLDU BƏS

lampa söndü göz yumuldu səs kəsildi
sonuncu söz qaranlıqda laxtalandı
bitirdim dualarımı artıq
canım yüngül - qu tükü kimi
yəni ölümün ola bilərmi bu girəvə
sağımdan küləklər əsməliydi axı baqidən
bəs nə oldu

bu girəvə ölümün ola bilərmi yəni
həmdin üstündən gül ləçəkləri sovrulmalıydı
ölümün üzünə
utandırmalıydı onu nəfəsimi çəkən nəfsinə görə
nə oldu bəs

yəni bu girəvə ölümün ola bilərmi
bəlkə də
ölümlərin ən şanlısı
və ən şanslısı olmalıydı mənim ölümüm
gözünü yumaraq gəlməliydi üstümə suçlu-suçlu
ən azı «neyləyək, belədir…» demək istədiyi
bilinməliydi gəlişindən
və sağımdan küləklər əsməliydi baqidən

yəni bu girəvəni gözləyən doğrudanmı odur
odursa nə oldu bəs
lampa söndü axı

ŞAİR OLANDA NƏ OLAR

şair olanda nə olar
adamı yellərlə yox sellərlə çəkməlidi savaş

nəinki hər sözün
hər çəkilən ahın belə sorğusu bizimlədir mizanda
məsələn, tez-tez Sözün qiyamında öldürdüyümüz
sürməli yaz gecələrinin cənazəsindən
qəfil yuxumuza əsən
yasəmən qoxusundan diksinməyimiz haqda
nə yazmağımız kimə nə söyləyəcək bilmirəm
amma sellər aparacaq bizi sorğu günü, sellər

ruhun qiyamətinə sarı
artıq qumaşların ən gözəli biçilmiş
köynəklərin ən güləbətini geyilmiş
yazılanların ən oxunanı oxunmuş
deyilənlərin ən həqqanisi eşidilmiş söyləyəndə də
dediklərimizə görə hazır olmalıyıq sellərə

ruhun qiyamı öncəsi qumdan saraylar tikənin
sultanlığı yağışlaracan olur sözsüz
yağışlardan sonra
yellərlə yox sellərlə başlanır savaş
o zaman
olümə məhkum edilmişlər ordusuna
bizi də götürəydilər keşkə
eşqdə mənəm deyənlərlə
birlikdə kedərdik bu şanlı cihada
nə olar şair olanda
mizanda boşdur hələ də
tərəzinin bizimçin ayrılmış gözü

ANTİMUZA GERÇƏKLİYİ

şeirin yalçın yüksəkliyində
kəndirbaz gəzişmələri qorxudursa şairi
onda heç nəmənə

şamı söndürülüb musiqiqsi çalınmış
kitabı bağlanıb duası oxunmuş
bir axşamın qucağında keçinmək qorxusuyla
yalqızca üz-üzə qalmağın gerçəkliyi
hər Sözün koranə gəlişini
yalandan bayram eləməkdən daha şərəflidir

şeirlə dirilməyi bacarana «eşq olsun!» düşür
olsun
amma şeirlə dirilməyi bacaran ən azı
ölümü yaza bilməlidi ömrünə qulaq qafiyəsi kimi

miskinlərin həqiqəti daha güclüdür deməklə
həqiqətin başına tac da qoyulmur heç vaxt
sərxoş şair əlindən öpdükcə
ayağı yer alır postmodern yalanların

isti bir havada qəfil peyda olmağıyla
üzümüzə çəpəki çırpan
sərin bir yağışın yaratdığı
ya da tutaq elə
metronun axşam qatarında şirin-şirin yatmış
bir səfil uşağın çöhrəsindəki
məsumluğun doğurduğu
can titrəyişi sözə çevrilirkən
ölümün çiçəkləmiş
və həmişə başımız üstündə yellənən budağını
soldurmur yazılanlar

özünü aldatmağın ən ucuz yoludur bu

SÖZ + …

təki deməyə sözün olsun
böyük ustad demişkən:
«çanağında balın olsun…»

bir zərrə tozun uçduğu boşluğa üfürülən sözdən
ruhun ən şikəsti belə sağalır yalqızlığın hürr sınırsızlığında
o zaman burnundan qan açılan xəstənin dirilməsi qədər
şanslı olan reyhan qoxulu bir ümid boy verir canında aşiqin
bir sözün havaya uçuşunda belə
şəkərlərin şəkəri azadlığın
ruha ən gözəl məlhəm olduğu çıxır üzə
Söz + Ruh + Yalqızlıq üçbucağından kənarda
ömrü boyu bir daxma tikə bilməyən aşiq
o zaman Azadlıq adında saraylar yapır
canın iztirablarından

bir zərrə tozun uçduğu boşluğa üfürülən sözdən
gülləyir yalqızlığın hürr sınırsızlığı
Azadlıq - yalnız o
yalnız və yalnız o
cövhərləri dəyişər çalarları duruldar
hilalı hilal yerinə qoyar ulduzu ulduz yerinə
günbəzlərində könül məbədlərimizin

təki ümid olsun reyhan qoxulu
təki deməyə söz olsun

QARANLIQLA İŞIĞIN ARASINDA

T.Qaraqayaya

bir can dayanır qaranlıqla işığın arasında

gözlərini bilərəkdən yumaraq
dünyanı zülmətlərə təpməklə
bir korun yaşantısını duymaq mümkünsüz
çünki bu haldan bezincə
gözlərini açmağın bir sorumu olmayacaq -
kipriklərin doydusa biri-birindən
işıqlı dünyadasan demək artıq
daha bilmirsən könlün divarlarından tuta-tuta
çəliyini döyə-döyə ruhun səkilərinə
iynə ucu boyda bir işığın qoxusuna sarı
qiyama necə qalxırlar hər gün əsl həsrətlilər

bir can dayanır qaranlıqla işığın arasında
işıq - içəridə
qaranlıq - çöldə
biz həmin çöldəyik - guya işıqda
o içəridədi - qaranlıqdadı guya
əslində əksinədi hər şey
yummağa dəyməz gözləri

bir can dayanır qaranlıqla işığın arasında
biz də bir canıq o da bir can
gözlərimiz açıq da keçə bilərik
biz - qaranlıqdan
o - işıqdan

ADSIZ

barmaqlarının ucu don atıb artıq
iki ayağını bir başmağa dirəmiş yalqızlığın

bu zülmün adı yoxdu

üzündə kübar görkəmi olmasına baxma
içi çürükdü bu təntənələrin

amma nə qədər ki
susaraq alın söykəməli pəncərələr
göz zilləyərək ah çəkməli uzaqlıqlar var
yaşamın şəkərinə duz qata bilməz heç nə

odur ha
neçə gündür
külək əsdiyində küknar qozaları tökülür
divarın dibindəki gölməçəyə -
səssizliyin üzünə şillələr açılır neçə gündür
açılır öpülməmiş qönçəsi yeni bir türkünün
ah yenə türkü
o türkü-hönkürtüdə
Can Evinin divarında cızılmış
bir halın toranlığa qarışmış rəsmi belədir:
- qərib aşiq, quşlar köçdü, sən qaldın
ayrılığın örkəni uzun, ah, nə uzun…
həsrətin qayçısı küt, ah, nə küt,
arada gül soldu üzünə ömür insafsızın
zalım, zülmün qurusun, ah, qurusun…

GÖYDƏLƏN DİLƏK

çöldə ac qurdlara can verən bir yaban qısrağının
son kişnərtisini udmuş göy üzünün təmkiniylə
( amma əslində təkəbbürlə) indi bizə baxan
və hayqırtılarımıza susan yer üzünün səltənətlərinə
ay doğmaz içimizdən əsla

ona görə yox ki daim gülümsər sükutlarının
aynasına çatmır atdığımız daşlar yox
üzgünlərin Yalqızlığından doğmuş
bir həqqanilik tərbiyəsidir bu çünki
butası haqdan gələn
bir mürşid təlqinidir bu hökm
fərqində olmasalar da

söz yox məsələn biyabanlarda
yulğunları və süpürgə çalğularını
yun kimi çırpanda çöl küləkləri
isti yatağında xanımına qısılmışların yuxusuna
tufanlarda alaçığı yıxılmış divanələr girməz

əsr-əsr təzələnən
zaman-zaman köhnələn bu mesaj
miyanələrə və vecsizlərə
kübar sifətlərindən yağ damanlara
göndərilmir yox
bu bir göydələn diləkdi sadəcə
çamurluqlar üstündə dikəlmiş haqdan

fərqində olmasalar da
bilirlər onlar
qaranlıqda qalacaqlarını bir gün

ÇƏKMƏK İSTƏDİYİM «ÖPÜŞƏN GÖYƏRÇİNLƏR»
RƏSMİNƏ PROLOQ

bu həmən meydandı
88-də «azadlıq!» bağırmaqdan
xəzərin döşünü qançır eləyən səsimizin
qurğuşun kütlüyü və ağırlığı
axırda özümüzə qayıdan meydan
o zaman göyərçinlər yox
aslanlar gəlirdi fırçalara
çəkə bilmirdik amma

indi
öpüşən bu bir cüt göyərçinin
qələbəliklərə zillənmiş ürkək gözlərinə
durub maddım-maddım baxırkən
təvəkkül dolu bir şükran duasının
dodaqlarımızda yeri görünür sözsüz

dilini bilmədiklərinin bunca ibadətlərində -
yəni quşların daşların ağacların
daha nələrin və nələrin zikrlərində
insan öz könlünü imam görüncə
haqqa bir boy da yaxın olur

amma bu ibadətdən sonra
içimin löhrəmlərində elə bir səssizlik ki
qu desən qulaq tutular sonsuzluğacan
bu bir barışmı
ya yeni fırtınaların proloqumu görən

hər şeydən öncə
illərin sükanını əlindən buraxmış
çaşqın bir sürücü durumunda olan
vaxtın ağrılı başı dumanlardan sıyrılınca
yəni mən bir şeiri bitirənəcən
Yalqızlıq və Kimsəsizlik
az qala xəmsəsini yazdı içimdə

indi öpüşən bu bir cüt göyərçinin rəsmini çəkmək
əlində nədi ki onların -
Aşiqliyin Böyük Mürşidlərinin -
Yalqızlığın və Kimsəsizliyin deyirəm
təki meydan olsun içində
ruhunda kətan bəyazlığı olsun
bir də iman
fırçasına aslan da gələcək o zaman
göyərçin də adamın

MÜCADİLƏSİZ BİR UDUM HAVA

yaddaşın qaranlıq dalanlarında
dumanlara girmiş bir fanarsayağı
közərməsəydi anıları bəzi günlərin
öləziyən işığıyla içinə ay doğurmasaydı
unudulmaqda olan çöhrəsi bəzi adamların
geriyə qanrılmadan bir ah çəkməklə
bitmiş bilərdi adam ömrün mücadilələrini

qumaş örtükləri altında nələr gizlənir zamanın -
xonçasında nələr aparır gərdişin axsaq sükutu
hər dəfə hiss edilmədən
toy səsi harda dönüşür vay səsinə
ciyər qanıyla harda bəslənir şübhələr
içərilərin qapıları taybataydısa haqqın üzünə
harda baltalanır ümid dediyimiz can tutalğacı

bütün bu soruların
cüzamlı üzünə baxmaq belə istəməzdi bu gün
bir udum havanı maneəsiz udduğuna
şükranlar edən adam
çünki doğrudan da o n u n üçün
yaşamın mənası o n d a d ı r yalnız

HAL

1. ölümün çiyələyinə sarı

ölümü ən azı bir çiyələk bilib
ona sarı iməkləyəndə
bir çocuq məsumluğu
olmasaydı aldanışında adamın
işığı sevgilərə yaşarmış üzünü
hara çevirərdi qaraçuxası

sükutun çöhrəsindəki gözəlliklər
sözlə çimizdirilib bələnməsəydi səsə
əvvəl birinin adına layla
sonda birinə ağı deyilməsəydi
canın soyumuş beşiyi başına
göyərçinlər qonduran nə olardı bəs

guya ölüm var deyə
can sevgidə heç nəyə yaramır deyənlər
bilirmi görən
o zaman ölümün çiyələyi
qəpiyə də dəyməzdi Can Bazarında

əslində
min yuxu bir gerçəyin
soluq əksi də deyil aşiqlərə
gerçəklər bu qədər acı olmasaydı
yuxular bunca şirin olardımı heç

2. ölümümə qanad çalan bir qumru

qulpundan çıxan nə varsa
göyün üzündə sərgiləmiş gecə
ən baxımlısı Ağ Yoldu -
çəkilmiş sonuncu ahın
böyüdülmüş neqativinə oxşayır o

ölümümə qanad çalan
bir qumru tərpənişi var
başımın üstündəki hər şeydə

gecə yarıdan keçmiş artıq
ağacların başucunda
qanadları salxaq yorğun bir meh
yıxılmaqdan özünü güclə saxlayır

ölümümə qanad çalan
bir qumru tərpənişi var
döş qəfəsimin altındakı hər şeydə

bir azdan sabahı açılacaq bu şəhərin
dan çağının alatoranlığı
boş səkilərdə dəngil-düngül addım səslərindən
qorxmuş kimi
yaxasında sərxoş səfillərin yuxusu
sahil sularına çırpacaq özünü

ölümümə qanad çalan
bir qumru tərpənişi var
suların sehrindəki hər şeydə

3. işıq ili

aradan neçə işıq ili ötdü görən
üzü işıqlığa çıxanacan adamın
neçə sərgərdan işıq ili qoparıldı
onun Can Təqvimindən
mən bu fikirləri
canımda körükləyirkən
qapıya xlorsatan gəldi:
- xlor var xlor
ülgüc tiyəsinə oxşayan bu səsin üstüylə
eşiyə çıxdım sızlaya-sızlaya
mənə baxdı qocaman gözlüyünün arxasından
bic-bic gülümsəyib başını buladı gərdişsayağı:
- şair sənin mənə borcun nədir bilirəm
bəs mənim sənə borcum nədi - dedi
- işıq ili - dedim göz vuraraq
üzü işıqlandı qocanın
əliylə məni içəri ötürüb
örtdü qapını üzümə
fələyin üzünə təzəcə qapanmış
yeni bir işıq ili kimi
örtüldü qapım

Bu yazını beyəndiniz?

RSS bəsləmələrə abunə olun!

Şərhlər (2) Geri izləmələr (0)
  1. Gözəl şeirlərə görə Zahid bəyə təşəkkürlər edirəm. Böyük zövq aldım.

  2. Çox sağ ol, Ayxan. Təşəkkürlər


Şərh göndər.


Geri izləmə yoxdur.