Doqquz İklim
57 dəfə oxunub
23Tem/101

Sərraf Balaxan

Yuxu və ya azad dustağın hekayəti

Qəribə yuxu idi. Bu yaşımadək heç belə bir yuxu görməmişdim. Bəlkə, yalan danışıram. Çünki yuxularımın heç bircəsi belə yadımda qalmır. Amma bu yuxu...
Elə qəribəlik də bunda idi.
İstəyirəm ilk yadımda qalan yuxumu sizlərə danışım.
Bir yolun kənarında dayanmışdım. Kimisə gözləyirmiş kimi. Bu yolla elə bil cəmisi bircə maşın gedib-gəlirdi. Ya da ki, maşınların hamısı bir-birinin eyni idi.
Uzaqdan gələn maşını gördüm. İxtiyari olmayaraq əlimi qaldırdım. Yanımda dayandı. Maşının üstündə yazı vardı. “Zaman taksisi”. Oturdum maşına. Sürücü təkcə bunu dedi: “Nə vaxt, hara?”
Cavabım gec olmadı. Amma ani fikirləşmədən sonra (bu ələdüşməz fürsət idi) “1990-cı il, Lefortovo”, - dedim.
Yol boyu gözüm taksomaetrdə idi (axı tələbəyəm) aparat əvvəl manat, sonra rublla yazırdı. Nəhayət çatdıq. Sürücü məndən razı ayrıldı.
Qar yağmışdı. Yenə qəribəlik. Qar üzərindəki insan ləpirləri qırmızı idi. Sıxılmış qara torpağın rəngi çıxmışdı.
Çox dayanmadım. “Lefortovo” adlı yerin lap yanında idim. Qapını çətin tapdım. Qapıda iki nəfər dayanmışdı. Daha doğrusu yatmışdı. Asanlıqla içəri keçdim. Sanki, məni kimsə görmürdü. Qulağımı doğma bir səs oxşadı. Hə, elədir, axtardığımı tapmışam.
Çox az irəli getdim. Çünki döşəmə çürümüşdü. Bunları tam aydın eşitdim:

Gedin öpün yağından-əlindən,
Üzr istəyin obasından-elindən,
İldırımdır düşüb göyün qəlbindən,
Hər sətrində misri qılınc hökmü var,
Azad edin, hür yaşasın sənətkar.

Bu səsdən kameranın divarları laxlayırdı. Dəmir qapısı paslanıb çürümüşdü – onu yumruqlayan əllərin tərindən. Tavanı göyərmişdi – bir türkün azadlıq harayından:

Xəlil Rza – Azadlığa bayraqdar,
Məhbəsləri söküb-tökən əzmi var,
Buraxmasa qul ürəkli ağalar –
Sök zindanı, ey laləzar, ey bahar!
Zindanlara sığa bilməz sənətkar.

Daha da ürəklənib kameraya baxmaq istədim. Yıxıla-dura kiçik pəncərəyə yaxınlaşdım.
Xəlil Rza əynindəki paltara baxırdı. Təbəssümlü dodaqlarında pıçıldayırdı:

Seyr edirəm əynimi, üstümdə təzə paltar,
Ştamplanan şalvarım, düyməsiz pencəyim var.
Günaydın! Xəlil Rza, təzə donun mübarək!
Bəs haçan verəcəksən şirnisini de görək?!

Elə bu an yaxınlıqda ayaq səsləri eşitdim. Gizlənmək istədim. Amma nimdaş hərbi geyimli şəxs heç mənə tərəf baxmadı. Bayaq boylandığım kameraya bir bağlama verdi. Getdi.
Bağlama Xəlilədir. Açdı onu. Üzüm, əncir, corab, əlcək, yazılı kağıza bükülmüş bir ovuc torpaq. Xəlil kağızı açdı, oxudu, torpağı iyləyib uca səslə dedi:

Sən şair qadınısan,
Böyük şair qadını.
Ulu saxla adını.
Enməsin kirpiklərin,
Sil gözünün yaşını.
Vüqarla gəz. Əyilməz!
Şax tut yorğun başını.

Səsə gələn nəzarətçilər Xəlilə 24 saatlıq rezin cəza köynəyini zorla geyindirdilər. O heç nədən qorxmadan yenə ucadan dedi:

Dözmür Günəş, dözmür Ay, amma dözür Ulutürk.
Ulu türküm cahandan, günəşdən bir az böyük.

Onu susdurmaq olmurdu. Ölüm hədəsi belə əsər etmirdi ona. Çünki o, özü üçün yaşamırdı. Qorxmazlıq hissi, azadlıq eşqi onu lap çoşdururdu:

Mənim azadlığım yalnız onundur,
Ölsəm də yenidən gələrəm cana.
Dirilik suyu tək qarışa bilsəm,
Dodaqları yanıq Azərbaycana.

Ən yaxşı hal kimi onu birnəfərlik kameraya köçürdülər. Nəzarətçi onu arxadan itələyərək aparırdı. Birdən çürük döşəmə onun ağırlığına dözməyərək qırıldı. Bu vaxt qırılan döşəmənin səsinə yuxudan ayıldım. Elə ilk fikrimə gələn sözlər bu oldu:

Rəssam! Çək bu lövhəni,
Maraqlı mənzərədir –
Qul gözətçi önündə
Azad bir dustaq gedir.

Bu yazını beyəndiniz?

RSS bəsləmələrə abunə olun!

Şərhlər (1) Geri izləmələr (0)
  1. oxudum agladim agladim oxudum.bilmirem niye ama yazin menim butun zerrelerimi sizlatdi.xelil rza ruhu qarsisinda yazini vasiteci ederek bas eyirem.qelemin var olsun eziz qardasim


Şərh göndər.


Geri izləmə yoxdur.