Şaiq Vəli
olacaqlar olacaqlar
Oldu, deyilənlər oldu,
Olacaqlar olacaqlar!
Soldu, açıldı gül… soldu,
Solacaqlar solacaqlar.
Almazlar almaz kamını,
Fələklər söndürər şamını…
Haqdan dolan eşq camını
Alacaqlar alacaqlar!
Daş olacaqlar daş olacaqlar!
Quş olacaqlar quş olacaqlar!
Boşalacaqlar boşalacaqlar,
Dolacaqlar dolacaqlar.
Bitəcəklər bitəcəklər,
İtəcəklər itəcəklər!
Gedəcəklər gedəcəklər,
Qalacaqlar qalacaqlar!
Ağla, gülməzlər gülməzlər,
Öl! Ölməzlər ölməzlər…
Məni bilməzlər bilməzlər,
Biləcəklər biləcəklər!
şair məhəmməd astanbəyliyə
Yazı-yazı payız hönkürür,
Yazı, yazı… gülüm ağlayır.
Yazıq-yazıq kağız hönkürür,
Yazıq-yazıq qələm ağlayır.
Suda qaralan Günə ləliyir,
Gündə saralan çənə ləliyir.
Məni ağladan sənə ləliyir,
Ağlayır, - aləm ağlayır.
Var ikən yox, bu nə var ki?!
Yarı yar oldum, bu nə yar ki!
Nigaranam bu nə nigar ki?!-
Bilməz hal halı, halım ağlayır.
Dünya məni çoxdan soyub,
Dünya məndən çoxdan doyub…
Ölümə bir şey qalmayıb,
Gecikib ölüm ağlayır.
** ** **
Ala dağım uçdu,
Qara dağım sağ ol!
Alıma qara düşdü,
Göyüm, ağım sağ ol!
Yaza payız sarılar,
Tər pörələr saralar…
Gül yolunar,
şax qırılar,
Bağçam, bağım, sağ ol!
Son an - son gün,
Bir çəmənlik, son gül…
Son dən bir sünbül -
Bir zəmilik toxum, sağ ol!
Dünya mülküm, məzarım,
Gah toyum, gah hüzürüm,
Rəhmət sənə ölü yarım,
Diri yarım - sağım, sağ ol!
Şaiq Vəli, haqdandır…
Yeddi rəng ağdandır.
Hər şey heçdən - yoxdandır,
Var ol, heçim - yoxum, sağ ol!
bir ulu eşq ilə
Mən bu cahan mülkünə,
Təxti-Süleyman mülkünə,
Can içində can mülkünə
Ağlaya-gülə gəldim.
Mən «mən» olmaq istəmirdim,
Açıb-solmaq istəmirdim,
Bir də gəlmək istəmirdim -
Bir ulu eşq ilə gəldim.
Bu dərdli aləmə gəldim,
Sanma qalıma gəldim,
Mən sənə salama gəldim,
Düşüb haldan hala gəldim.
O gözəli bilirdim,
Qəm məzəli bilirdim,
Mən əzəli bilirdim,
Mən sonu bilə gildim.
Sorma məndən handaydım,
Mən hər yerdə, hər yandaydım,
Əzəlin əzəli - sondaydım,
Sonun sonu əzələ gəldim.
* * *
Gözlər, gözlər - nərgizlər…
Sərxoşluq nərgizlikdir.
Eşq yaxar, könül sızlar,
Yol gözləmək gözlükdür.
Gün batır, qəmli qürub…
Aramızda dağlar durub…
Dünya qürbət, mən qərib -
Qəriblik əzizlikdir.
Dünya bizlə əyrişdi,
Cuna yaylıqlır yaşdı…
Fələk əli daşlı
Nişan alıb, bizlikdir.
Ürək quzu tək mələdi,
Sındı - piyalədir…
Barış, bu taledir -
Nə bizlik, nə sizlikdir!
* * *
Gördün Nigar üzünü,
Mübarək, mübarək!
Cilvəli nur üzünü
Mübarək, mübarək!
Qoşub türkü, quşlar gətirib,
Daşıb çaylar, daşlar gətirib…
Yaşıl gözlər yaşlar gətirib,
Mübarək, mübarək!
Uçub getdi sevinc - quşdu…
Ala gözlü, qara qaşlı
Tənha dərd qoşalaşdı…
Mübarək, mübarək!
Haqqın dərgahı, taxtı…
Halın halı var, vaxtdı…
Qorxun ölüm idi - yoxdu,
Mübarək, mübarək!
Könüldə eşq gül-gül
Könüldə eşq gül-gül
Bitər, bitər, bitər.
Candanda can bül-bül
Ötər, ötər, ötər.
Yazını yazan yazar,
Yazar… yazar, pozar…
Gül solar, bül-bül susar -
Qədər, qədər, qədər.
Mey süz, saqi, bir içim,
Sirlər qapısını aç, Sim-Sim…
Can cananın… mən kim?! -
Hədər, hədər, hədər.
Dünya bir yığınaqdır,
Ömürdür - bir sınaqdır…
Şaiq Vəli bir qonaqdır,
Gedər, gedər, gedər.
* * *
Mən kiminsə yarası,
Ahı, nəvasıyam.
Mən kiminsə yarısı,
Eyş-işrəti - səfasıyam.
Dayazda, dərində üzərəm,
Sözün dürründə üzərəm,
Dünyanın sirrində üzərəm -
Mən qəvvaslar qəvvasıyam.
Mən odumun havası,
Mən atamın bəbəsi,
Mən Adəmin babası,
Mən oğlumun nəvəsiyəm.
Mən könlümün şahı,
Mən aləmin pənahı -
Mən gedənin ruhu,
Mən gələnin nəfəsiyəm.
Dərviş baba, Dədə baba
Hər şey görgə, xəyal
Surətdən surət, haldan hal…
Hər sualın cavabı sual,
Ay baba, gödək baba!
Həsrətik ki sarılaq?!
Bütövük ki qırılaq?
Yoxuq ki var olaq…
Varıq ki itək, baba?!
Çalınır - dövran oynayır,
Dövri dövrədə cahan oynayır…
Uçunur candanda can oynayır -
Bu nə tütək, baba?!
Fələklər divanə göy üzündə,
Divan mənə, sən göy üzündə…
Haraya enək göy üzündən? -
Bir yer yox gedək, baba!
Üzüldük Ol sorağında…
Əkilək eşq torpağında.
Şehli gözlər qırağında
Bəlkə göyərək - bitək, baba!
«Gəl, meyxanəyə gedək, baba…»
Dadımıza yetək, baba!
Dövrə girək - ötək, baba! -
Dərviş baba, Dədə baba!…
meyxanəçi
Sərxoş gəlmişəm qapına,
Aç, aç, meyxanəçi!
Aşiqlər sənə tapınar…
Keç, keç, meyxanəçi!
Olubmu öldüyün sənin?
Dərddən güldüyün sənin?…
Elə hey xaç bildiyin sənin
Hac, Hac, mexanəçi!
Aranı dağa daşımısanmı?
Solunu sağa daşımısanmı?
Özünü uzağa daşımısanmı? -
Köç, köç, mexanəçi!
Baxma naşı-naşı mənə,
Mey gətir - söz daşı mənə.
Könlün varsa qoşul mənə,
Uç, uç, mexanəçi!
Cahil əllərinədə aşiq başları -
Minarə kərpici, qüllə daşları…
İçib ayılır eşq sərxoşları…
İç, iç, mexanəçi!
Mən bu çağın nəyiylə yaraşım?
Mən bu torpağın nəyiylə qarışım?!
Mən bu dünyanın nəyiylə barışım? -
Puç, puç, mexanəçi!
dünya sərxoş, mən ayıq
Dünyaya üz tutan divanəymiş,
Divanə devanəymiş!…
Bu dünya nəymiş, ah, nəymiş -
Şərab süz, dostum, mənə şərab süz!
Budaqda gül - tac,
gül - ismət,
gül - şan,
Bu nə gülüstan, bu nə gülşən?! -
Bülbül köksü qan…
gül gülür, gül şən…
Şərab süz, dostum, mənə şərab süz!
Açıq pəncərədən daş gəlməz daha,
Xumar gözlərdən yaş gəlməz daha,
Acım acıdır, şirinim xoş gəlməz daha,
Şərab süz, dostum, mənə şərab süz!
Yaşadım bir ömrü - xeyriyə oldu,
Xeyriyyə ömrün xeyri nə oldu?
Uduzdum - dünyanın xeyrinə oldu,
Şərab süz, dostum, mənə şərab süz!
Mən insan deyiləm - insan qarışqa,
Tapdanmaq qoxusu hər bir qarışda…
Ömrün nə qədəri hələ qarşıda…
Şərab süz, dostum, mənə şərab süz!
Daş daşıdım, söz daşımağa öyrəşəmmədim,
Söz daşıyıb baş qaşımağa öyrəşəmmədim.
Bu dünyayla barışammadım -
yaşamağa öyrəşəmmədim,
Şərab süz, dostum, mənə şərab süz!
Dönməz sahilə bir də o qayıq,
Hayıf o qayıqçı,
o qayıq hayıf!
Dünya sərxoş, mən ayıq!…
Şərab süz, dostum, mənə şərab süz!



27 Temmuz 2010, 10:15
Sərxoş gəlmişəm qapına,
Aç, aç, meyxanəçi!
Fərhad Mete chox sevərdi bu sheiri. ruhu shad olsun
31 Temmuz 2010, 12:06
Çox gözəl yazırsınız.Heyran oldum.
31 Temmuz 2010, 12:36
deyesen yeni dede qorqud peyda olub.bilirsen neye heyfislenirem?yoox edebiyyatin gunune aglamiram cun ozumu aglayan lazimdi.sadece sene xerclediyim kbayta heyif
06 Ağustos 2010, 02:06
3NlKwY dcfjwptlwkph, [url=http://gjrfbfgzffbx.com/]gjrfbfgzffbx[/url], [link=http://vwktjhsykycs.com/]vwktjhsykycs[/link], http://vaygbkzbodek.com/